16 Ağustos 2013 Cuma

Buika

Buika ilə ilk dəfə konsertine getmek istediyim gün tanış oldum.Bileti ilk satışa çıxdığı gün tükənmişdi. Bilmirem bəlkə də konsertinə gedə bilmədyim üçün onun səsinə bu qədər heyran oldum. Bəlkə də o gün konsertə getsə idim yuxulayıb yatacaqdım.. İlahi,sən bilirsən axı sən bilirsən ki mən yalan deyirəm. Bu qaraçı , dişlərinin arasından ətrafa musiqi saçan qara dərili afrika əsilli İspanyalı vokalist dinləyərkən fikirləşirəm ki, əgər cənnətdə olsam, onun ifası  mənim üçün ən böyük hədiyyə olar. Əslən afrikalı olmasından gələn etnik zənginlik , uşaqlığını malyorka adasında romanlarla bərabər keçirmiş olması və ispan mədəniyətinin də təsiri ilə  caz, funk, flamenko, gypsy rumba , afro-kuba ritmləri , copla və soulu dərin incəliklərini hissedərək və hissetdrərək bir araya gətirir və səsləndirir deyə eşitmişəm. Amma mən bunları ayırd edə bilmirəm .Mən sadəcə Buikanın valeh edici səsinə heyran bir dinləyiciyəm.




Hangover ))

Bəzən xoşbətlik qapalı gözlərin arxasında  gizlənir. Qapalı gözlər arxasından seni seyr edir.
Bəzən xoşbəxtlk gizli öpüşlərdə gizlidir.
Bəzən dodaqlar utancaq öpüşlərn arxasında gizlenir,bezi dodaqlar ise utancaq dodaqlar arxasında gizlenir.
Utancaq dodaqlar birbirne yaxinlasarken qorxu dolu etrafa baxir,bax belece baslayir xezer denizi kenarinda öpüsmeler,her öpüsde bir polis qorxusu,cemiyet qinağı .Bir öpüsün bu qeder deyerli oldugu basqa deniz kenari varmi göresen...
Bəzən öpüsler sadce bir addımda gizlidir,atmaga cesaret ede bilmediyimiz addımlarda...bezen cesaret qarsindaki qızın gözlerinden sene baxır ... 

Teatr mədəniyyəti haqqında kiçik qeyd

O gün teatra getdim. Azərbaycanda ilk dəfə idi ki, hansısa teatra gedirdim. Biletdə göstərilən yerə yaxınlaşanda məlum oldu ki, yerimdə orta yaşlı bir xanım oturub. Dedi ki, dəvətnaməm var. Həmin yerə biletim olsa da "nəysə" deyib keçdim daha ön sıralarda boş qalan yerlərdən birinə. Tamaşanın başlamasından təxminən yarım saat keçmişdi ki, bir xanım yerüstündə dava salmağa başladı. Deyəsən mənimlə eyni vəziyyətdə idi, amma daha iddialı idi: "mənim yerimdən qalx, bura mənimdir" falan.... Haqqını tələb etdiyini fikirləşirdi, amma səhnədə oynayan aktyorların haqlarına təcavüz edirdi... 

Nəysə... Sonra ona da yer tapıldı... Tamaşanın birinci hissəsi bitəndən sonra salondan çıxarkən nə görsəm yaxşıdır? - yerdə tum qabıqları. "Yox artıq" deyib keçdim... İkinci hissədə tamaşa əsnasında arxa sırada əyləşən xanımın telefonu zəng çaldı. Səs tez kəsildiyindən elə bildim ki, mədəni insanlar kimi telefonu keçirib. Amma sonra "alo" dediyini eşitsəm də, yenə ümidimi itirmədən "tamaşadayam, sonra danışarıq" deyəcəyini düşündüm. Bir də gördüm ki, heç nəyə məhəl qoymadan nəsə danışır... Tamaşa zamanı elə "vacib zənglər" başqa sıralardan da eşidildi... Deyəcəksiniz ki, elə cəsarət sahibisənsə, niyə müdaxilə etmədin? Sözün düzü həm utandım, çəkindim, həm də belə şeylərə qarışmayıb, dalaşanları ayırmayıb sonunun necə olacağını gözləmək xoşuma gəlir. 

Məsələn bu gün qoca bir kişi gördüm,dilənçi idi. Ayaüstə yatırdı az qala.. Amma məncə yatmırdı, böyük ehtimalla bu gün rəhmətə gedəcək. Hətta ağlımdan belə fikir keçdi ki kişini izləyim görüm nə olacaq... Çox güman ki, bunu etsəydim, yazığım gəlib kömək edəcəkdim... İkisini də eləmədim.. Teatrdan çıxıb tələsirdim, işim var idi... 

Erməniylə "bir jetonluq" söhbət

İstanbul Atatürk Hava Limanında yükümü də aldıqdan sonra yaxsı tanıdığım hava limanının aşağı mərtəbəsinə endim. İstanbulun hava limanından avtovağzalına qədər metro xəttinin olması qonaqları buranın problemli nəqliyyatından xilas edir . Ağır çemodanımın təkərlərindən biri qırılmışdı və bu da onu daşımaqda çətinlik yaradırdı. Çemodanı metro jetonu almaq üçün divara söykədim və cibimdəki bütün dəmir bir lirəlikləri aparata daxil edərək hər ehtimala qarşı 3 jeton aldım. Jetonu alıb keçid yerinə (TURNİKETə) yaxınlaşarkən nəzarətçiyə dərdini başa salmağa çalışan görünüşcə köhnə məhlə yoldaşımı xatırladan bir nəfər gördüm : “valyuta, valyuta, dollar –lira ? Valyuta?" deyərək əlindəki dollarlarla nəsə başa salmağa çalışsa da, metro işçisi heç bir şey anlamırdı. Kömək etmək məqsədilə yaxınlaşaraq nəzarətçiyə "Dövizin (exchange) harda olduğunu soruşur” dedim. "Haa, bu tərəfdədi, amma hələ qapalıdı. Saat 10-da açılacaq”- əli ilə arxa tərəfdəki çıxışın istiqamətini işarə edirdi.

Jeton almağa türk lirəsi olmadığı üçün çarəsiz qalan insana kömək təklif etdim. Bunu gözləyirmiş kimi metrodan düşəndə Aksaray tərəflərdə pulumu verəcəyinə söz verib təşəkkür etdi. Biz eskalatora doğru gedərkən daha iki yoldaşı bizə yaxınlaşdı. Salamlaşmadan sonra bayaqki "tanışım" onlara mənim kim olduğumu izah etdi. Danışıqlarının gürcü dili olduğundan əmin olaraq söhbətə başlamaq üçün rusca bildiyim bir neçə sözü bir araya gətirərək "ti gruzin da?“ sualını verdim. Elə o andaca "net, ya Armen” cavabını alanda həm çox təəcübləndim, həm də gülümsədim. İyirmi üç illik həyatımda ilk dəfə idi ki canlı şəkildə erməni görürdüm. Qəribə hisslər keçirirdim. Çünki ona jeton alaraq metroya minməsinə kömək etdim. O da qarşılığında hörmət və təşəkkür jesti olaraq ağır və təkəri qırıq çemodanımı daşıyrdı. Ömrümdə ilk dəfə bir erməni ilə söhbət etmək fürsəti yaranmışdı. Bunu əldən verə bilməzdim. Bu arada o da məndən hardan olduğumu soruşub cavabını eşidəndə eynən mənim kimi gülümsədi- "İz Baku?"... Sonra Bakının hansı tərəfində qaldığımı soruşdu. Mən də o, bəlkə, tanıyar deyə, “sizin vaxtınızda "ermənikənd" adlanan yerdə"-deyə izah etməyə çalşdım. O da həyəcanla “Drujba” kinoteatrını tanıyıb tanımadğım soruşdu. Mən isə Bakını yaxşı tanımadığım və Dostluq kinoteatrından xəbərsiz olduğum üçün qətiyyətlə “yox, məncə yaxın deil “ dedim. Amma sonra Dostluq kinoteatrının harda olduğunu öyrənəndə "sovet dağilmamış və məlum hadisələr baş verməmiş olsa idi, bəlkə də, indi qonşu olardıq"- deyə duşündüm. Metronu gözləyərkən yeni tanışım “Baku, Baku...” deyə-deyə bir anlıq fikrə getdi. Yanındakı ermənilərlə içində “Bakı” sözünün keçdiyi anlamadığım cümlələr quraraq öz aralarında nəsə danışırdılar. Yoldaşlarından biri ağ "saruşka", qara şalvar və uzun burun ayaqqabı geyinmişdi . Qaşları da bitişik idi. “Vallah, lap qonşumuz Anara oxşayrdı” . Sonra metroya mindik. Adam az olduğundan rahat oturmağa yer çox idi. Oturarkən mənə yoldaşlıq edən erməni “qonşu Anara oxsayan erməni” ilə otururdu . Bu dəfə mənim yanıma digərlərinə nisbətən türk dilində daha yaxşı danışan erməni əyləşdi. Yaşi 30 civarında olardı. Bütün yol boyu hamı susmuşdu. Təkcə sona 2-3 stansiya qalmıs rus dilində “Bakı gözəl şəhərdi” dedi. Sonra “sizdə burada problem olmaz. Sizin türklərlə yəqin dil probleminiz də olmaz, hə?". Başımla təsdiqlədim və burda nə işlə məsğul olduğunu soruşdum “qizil alveri“ dedi.
.



(Qizil alveri sözünü eşidəndə burda tanış olduğum azərbaycanlılar yadıma düşdü. Yolun kənarında  5 lirədən eynək , kuklalar satan bir azərbaycanlı satıcı, hətta biraz sohbət edib azca səmimi olduqdan sonra gəl düşüb aşağıda çay içək demişdi.
Mən və yanımdakı yoldaşım isə tələsdiyimizdən  başqa vaxt üçün söz vermişdik. O isə aşağıda gözel xanımlar olduğunu istəsək bizə düzəldə biləcəyini demişdi,biz də sağollaşıb yolumuza getmişdik. Əlbətdəki azerbaycanlıları pisləmək kimi bir fkrim yoxdur sadəcə o məqamda yadıma bu düşmüşdü. Burda yaşayan azərbaycanlıların evində dəfələrlə qonaq omuşdum və zəngəzurlu Şəhla xalanın hər həftə mənm üçün bişirdiyi azərbaycan yeməklərinin dadi hələ də damağımdadır)

Erməni “tanışlarım”a bir neçə sualda mən vermisdm. Əvvəla, mən ermənilərin Türkiyəyə gəlməsinin qadağan olduğunu zənn edirdim. əlbəttə bu məlumat səhv idi. Sadəcə erməni sərhədləri  bağlı idi. Digər sualım isə AzTV-dən görüb eşitdiyimiz xəbərləri təsdiqləmək məqsədi güdürdü. “Ermənistanda vəziyyət necədir? Iş varmi ? İnsanlar necə dolanr” sualına cavabı fərqli olmamışdı. “İş yox , hamı köçüb Avropadakı, Rusiyadakı qohumlarının yanına, şəhərdə heç bir yenilik yoxdur, qısaca Ermənistan pis vəziyyətdədr”- lap AzTv demişkən...

Ən axırıncı stansiyada düşdük, onlardan biri mənim borcumu qaytarmaq üçün “döviz” tərəfə getdi. Dıgər ikisi isə mənə fikir vermədən öz aralarında danismağa başladılar. Arabr göz ucu mənə baxıb gülümsəyirdilər və bu anda məndə millətçilik duyğuları yaranırdı. Görəsən azərbaycnlıları ələ salırdlar? Axı niyə ələ salsınlar, nə lazımsız düşüncə idi...

Sonra pul dəyişdirməyə gedən erməni qayıtdı.  Sadəcə bir  jetonun pulunu qaytarmaq üçün valyutadəyişməyə gedb gəldi və mənə 2 lira qaytardıl. Sonra sağollasdı...

...Yoluma dəvam edərkən müharibələri, eşitdiyim  insan faciələrini, Bakıda şəhərli  taksi şoferinin məni hər dəfə təəcübləndirən məlumatları yadima düşdü. Bir dəfə taksi şoferi rus, erməni, ukrayn qonşularından və uşaqlıqlarnın cox maraqlı keçdiyindən danışırdı. Sonra da hər dəfə zəmanəyə lənət oxuyardı...

...Mən isə evə gedən yolumda iki qonşu millətin arasında yaranan və yaxud yaradılan düşmənçiliyi, bunun yaranma səbəblərini , tarixi faktları və soyqırımları düşünməyə başladım...

Şəhərin məhkum rəngləri

Keçən gün bərk yağışa tutuldum. Yağışın altında avtobus gözləyərkən, ətrafdakı insanlara baxırdım. Sağımda gözəl bir xanım var idi, ən azından kənardan gözəl görünürdü - üzünü görə bilmirdim. Sonra gələn avtobusa baxırmışam kimi sağa dönüb xanıma daha diqqətlə baxdım, doğrudan da gözəl imiş. Qırmızı dodaq boyası sürtmüşdü dodağına, pudra və krem ilə üzünü daha da ağartmışdı. Ağ üzünə gözəl yaraşırdı qırmızı dodaq boyası. Sonra fikir verdim ki, tamamilə qara geyinib. Ola bilər, nə var ki burda, yaraşırsa qara geyinsin. Sonra dönüb soluma baxdım: solumdaki oğlan da qara geyinib. Amma ona heç yaraşmırdı qara. Onsuz da qaraşın idi. Özü də saqqalı da var idi,təbii ki o da qara idi.Yetərincə kirli görünməyi bəs deyilmiş kimi üstünə də qara geyinmişdi. Kirli görünən biri başqa hansı rəngdə geyinə bilərdi ki, guya?

Sonra ətrafa baxdım. Palçıq içində olan dayanacaqda on-on beş nəfər avtobus gözləyirdi. Qara ayyaqabı, qara gödəkcə, qara papaq,tünd rəngdə şalvarlar, qara bığ və qara camaat. Bircə qara olmayan qırmızı dodaq boyalı xanım idi. Onun da sadəcə dodaqları qırmızı idi… Sonra avtobus gəldi hamı atıldı irəli mən qaldım geridə gördüm ki girə bilməyəcəm başladım tamaşa etməyə. Qara geyimli qara insanlar birbirini itələyə-itələyə dalaşa-dalaşa bir təhər özlərini palçıq içindəki avtobusa soxmağa çalışır. Sonra üzümü göy üzünə çevirdim ,göy üzündə qara buludlar gəzirdi, buludlardan aşağı tökülən yağış suyu isə kirli idi. 

 Bu qədər qara rəng görəndən sonra özümə şükr ettim.Mən ki qara geyinmirəm.Sevimli gödəkçəmə göz gəzdirdim. Qara idi.” Yox-yox mən 2 ildir ki, bunu geyinirəm. Məndə xatirələri var ona görə. İstəsəm lap qırmızı da geyinərdim” .Sonra ayaqqabıma baxdım o da qara idi. O ki yeni idi. O niyə qara idi ? Jaketim niyə qara idi ? Axı mən fərqliyəm. Başımı aşağı əydim - ayyaqabımın ucuna toxunan palçıqlı suya tamaşa etməyə başladım. Palçıqlu su içərisində özümə tamaşa etməyə davam etdim.

Bu kiçik hadisənin üzərindən çox keçməmişdi ki yeni paltar almaq vaxtı gəlib çatdı- fəsl dəyişirdi. Bu dəfə cəsarətimi topladım daha əvvəl geyinmədiyim , soyunub-geyinmə otağında belə yoxlamağa cəsarət etmədiyim rəngli paltarlarla bəxtimi sınamalı idim. Artıq tünd rənglərdən bezmişdim.Başladım sarı , qırmızı , hətta çəhrayı zolaqları olan paltarları ard-arda geyinib yoxlamağa. Kiçik inqilab baş vermək üzərə idi. 

Rəngli paltarlar içimdəki rəngliliyi gözlə görünən etmişdi. Öz seçimim öz rənglərim öz geyimim. Artıq özümü daha çox fərd kimi hissetməyə başladım. O gün attığım kiçik addım əslində kiçik bir inqilab idi mənim üçün.Qara və ağ rəngdən başqa rəngləri də sevdiyimi görmüşdüm. Qara rəngin içinə həbs olmuş rənglər azadlığa çıxmışdı nəhayət.

Ümid

Əmimin cənazəsi həyatımda gördüyüm ilk cənazə idi. Olduqca qəribə gəlmişdi mənə. Qış olmasına baxmayaraq hava o qədər də soyuq deyildi. Gödəkçəmin önü açıq , papaq isə əlimdə idi. Sağ qolumu əmimoğlunun çiyninə atmış ,uzaqdan toplaşan insanlara baxırdım. 
Qara geyinməyə vərdiş etmiş camaatımız havanın buludlu ,yerin palçıqlı ve sovetdən qalma binaların cansıxıcı solmuş rəngləri arasında daha da qara görünürdü. İnsanların üzündəki kədər, darıxdırıcı səssizlik ,heç kimin görünüşdə ağlamamasına baxmayaraq qulağıma ağlayan qadın səslərinin gəlməsinə səbəb olurdu. Baxmayaraq ki, ortalıqda heç qadın da görünmürdü. Mən səssiz şəkildə binanın önündə qurulmuş böyük çadıra girib-çıxan insanlara , çadırın içi insanla dolu olsa da, ətrafı bürüyən səssizliyə tamaşa edir , sonra dönüb əmimoğluna baxır və hərşeyi dərk edirmişəm kimi, dərindan nəfəs alırdım.əslində isə sadəcə tamaşa edirdim.Həqiqi mənada nə baş verdiyini dərk etmirdim.Sadəcə bu mənzərəni izləmək mənə maraqlı gəlirdi.Yanımda durmuş mənimlə bərabər eyni səhnələri izləyən əmimoğlunun isə nə düşündüyünü bilmirəm . O məndən də uşaq idi. Atası rəhmətə getmiş ,insanlar cənazəsinə toplaşmış , o isə bugün mənə tapşırılmışdı. Atasının rəhmətə getdiyini görür , amma nə baş verdiyini anlamırdı. Üzündə saf bir ifadə ,gözlərində boş bir baxış var idi. Atanın ölümünün nə olduğunu qavraya bilmirdi.
Bu balaca uşaq səssizliyi mənə verdiyi bu sual ilə pozmuşdu : ‘Atam öldü ?”. Qorxduğum sualı eşidəndə duruxmuşdum, yalan cavab vermək istəsəmdə, qərarsızlıq içərisində udqunaraq ‘Hə ‘ demişdim. Cavabdan sonra yeni bir sual eşitmək qorxusu ilə səssizcə  durmuş , sonra isə bu cansıxıcı anı bitirmək üçün mövzunu dəyişdirərək onu bu fikirlərdən yayındırmağa çalışmışdım. Söhbət edərək ordan uzaqlaşmış , hardan gəldi əlaqəsiz mövzulardan danışmışdıq.Kefini düzəltməyə cəhd etmirdim,sadəcə nə danışacağımı bilmirdim.Mən də uşaq idim.
O gün axşama qədər əmimoğlumla bərabər vaxt keçirtdik. Heç ağlamadı.Amma illər sonra ,atasına ehtiyacı olduğu bir gün ,atasının həyatda olmamasının verdiyi boşluğu doldura bilməyəcəyi bir anda yəqin ki ağlamışdı...
...Əmim xərçəng xəstəliyindən rəhmətə getmişdi. Xərçəng xəstəliyinin və ölümün necə birşey olduğunu ilk dəfə əmimdən öyrənmişdim. Əmimi sevə biləcək qədər vaxtı olmadı . Amma əmimoğlunu sevirdim . Elə uşaq vaxtı  da çox şirin idi . Əmim xəstə olduğu ərəfədə bircə dəfə evlərinə getmişdim .  Əmiuşağı  dırmaşırdı atasının başına ki ata çıxaq gəzməyə , əmim isə belə cavab vermişdi:  “Bala, sağalım çıxarıq, azca qaldı sağalmağıma”. Əmimin gözündə yaşayacağına inam olduğunu görmüşdüm . Bundan əmin idim. Mən isə gözlərimin dolmasının qarşısını ala bilməmişdim . Anidən üzümü çevirib bir iki saniyəyə özümü yığışdırmışdım.
Aradan illər keçdi əmimoğlu böyüdü mən universitetə qəbul olub gəldim Ankara şəhərinə,tibb universitetində oxumağa . Xəstəxanamızın  onkologiya şöbəsinin qarşısından keçərkən, bəzən dayanıb əlində böyük bir çəngəl  tutan güclü bir adam heykəlinə baxırdım . Çəngəllə ona zərər verməyə çalışan xərçəngi öldürürdü . Xəstəxanadaki tək  bəyəndiyim heykəl idi . Kaş heykəldəki kimi içərdəki xəstələr də çəngəllərini xərçəngə batırıb öldürə bilərdilər . Adətən isə, bu binadan xoş xəbər eşitmək olmurdu.
Bir dəfə uzmanlıqda olan həkimlərimizdən biri xəbər göndərmişdi ki Onkologiya şöbəsində Azərbaycandan gələn xəstə var , gedib ziyarət etsəz yaxşı olar . Mən bunu sonradan eşitdim və bir neçə gündən sonra  iki-üç azərbaycanlı tələbə yoldaşımla həmin xəstənin ziyarətinə getdik. Açığı, biraz narahat idim, çünki nə görəcəyimi bilmirdim . Xərçəng xəstəsi olduğunu bilən xəstələr və yanlarında xərçəng xəstəsi olduğunu bilən yaxınları.
Təbii ki, Tibb Universiteti tələbəsi olduğum üçün xəstəxana mənim üçün yad məkan deyildi. Bəzən xəstəxana içərisində hansısa şöbəni  vəya kimisə axtaran insanlar görürdüm. Çox çarəsiz ve qorxaq görünürdülər. Özlərinə inamsız, çəkinərək yaxınlaşıb kömək istəyirdilər . Gözləri ağ xalat geyinmiş hər hansı bir nəfəri axtarırdı. Mən isə xəstəxanada ağ xalatla gəzərkən özümü çox güclü hiss edirdim . Amma  hərdən buraya xəstə kimi gəldikdə  vəziyyət dəyişirdi . İnamımı itirirdim , qorxaq və utancaq olurdum, xəstəxananın özünə xas qoxusu, sanki məni daha da “xəstələndirirdi”. Uşaqlıqdaki xəstəxana qorxum yenidən dirilirdi . Başqa vaxt yüksəkdən baxaraq danışdığım ordakı məmurların, tibb bacılarının qarşısında əyilirdim, nə isə xahiş edirdim. Növbədə önə keçmək haqqım olsa da bunu xəstə ikən etmək çətin gəlirdi . Sıradakı digər xəstələri görəndə onlara qarşı haqsızlıq olduğunu düşünürdüm.
İlk ziyarət etdiyimiz xəstə vəziyyəti ağır olduğundan digərlərindən ayrı şəraitdə, xüsusi palatada yatırdı. 
Giriş bir birinin ardınca iki böyük şüşə qapıdan keçirdi. Şüşələr tünd olduğundan içərini görmək mümkün deyildi. Birinci qapı icazə ilə, ya da xüsusi kodla açılırdı. İkinci qapını açmadan öncə isə verilən önlükləri geyinirdik, maskaları taxırdıq.
Bizi çox gülərüz bir qadın qarşıladı. Bizim azərbaycanlı olduğumuzu biləndə qucaqlayıb öpdü, hal əhval tutdu. Bu qadın içəridə yatan xəstənin həyat yoldaşı idi. Çox enerjili, çox danışan qadın idi . İlk baxışda belə görünürdü . Biraz söhbət etdikdən sonra anladım ki narahatlığını biruzə verməmək üçün bu qədər danışır və hər şeyin yaxşı olacağına əminliyini sübut etməyə çalışırdı . Əlbətdəki, ümid var idi . Xərçəng xəstəsi əlli  yaşında olardı yada biraz çox. Öyrəndik ki, həkimdi, həyat yoldaşı da həkim imiş . Biraz söhbət etdikdən sonra imkanlarının pis olmadığını başa düşdük . Pəri xala tez-tez dərmanın bahalığından gileylənirdi. Xəstəmiz də yaxşı görünürdü . Xeyli  söhbət elədik , bizə məsləhətlər verdi gələcək mövzusunda bu tibb mərkəzinin qədrini bilməyimizi  tövsiyyə etti . Açığı söhbət maraqlı idi . Otaqdan çıxarkən xəstənin sağalacağına mənim də ümidim artdı . 
Qapıdan yenicə çıxırdıq ki Pəri xala yan palatada başqa azərbaycanlı xəstənin olduğunu dedi .Bu bizim üçün gözlənilməz oldu, onu da ziyarət etməyə qərar verdik . Yan palatada bizi  qarşılayan qadın bayaq qapıdan girərkən bizə tərs-tərs baxırdı. Palataya daxil olub iki-üç addım atdıqdan sonra yataqdakı xanımı gördük . Şəfalar diləyib, hal -əhval tutduq . Bu ərəfədə  gözlərimi xəstənin gözlərindən ayıra bilmirdim. Onun kimi gözəl baxan qadın ya az görmüşdüm ya da gördüyümü, ümumiyyətlə, xatırlamırdım.Həyat dolu gözlərdə elə işıq gördüm ki, anlıq olaraq vuruldum . İçimdə inanılmaz dərəcədə onun sağalmasını istəyən bir istək, arzu oyandı. Çox şirin danışığı var idi. Bizə “balam” deyə müraciyət edirdi. Deyəsən, saçları aldığı müalicədən tökülmüşdü. Ona görə başını bağlamışdı. Halsız görünürdü, amma onunla danışarkən sağalacağına inandım. Bizə Azərbaycandan gətirdikləri paxlava təklif etdilər. Sonra öyrəndim ki, mənə bu qədər cavan görsənən xanımın əllidən çox yaşı var imiş.
Ordan ayrıldıqdan sonra mən günlərlə o xanımın sağalmasının xəyalını qururdum . Daha cavan olduğunu xəyal edirdim. Xəyalımda həmişə yanında idim ve onunla dostlaşırdıq . Sağaldıqdan sonra daimi dost olurduq  və toyunda mikrofondan danışırdım. Bəzən xəyallarımda hətta onunla evlənirdik, amma sırf o son günlərini xoşbəxt keçirtsin deyə...
Bəzən özümü qınayırdım ki, gərək gələcəyin həkimi olaraq belə şeylərdən təsirlənməyim, amma mümkün deyildi. Bir insan ölüm döşəyində ikən necə belə həyat dolu baxa bilirdi. Həyatımda ən çox təsirləndiyim baxışa sahib insanlardan idi. Amma bir daha ziyarətinə getmədim. Dedim ki, gedərəm.Üç gün sonra keçən dəfə birlikdə getdiyim dostlarımdan biri zəng etdi ki, gəl bərabər gedək, mən isə sabah özüm gedəcəyimi dedim.
Amma sabaha qədər yaşamaq ona nəsib olmadı . İçimə bir sıxıntı girdi . Sanki onu mən öldürmüşəmmiş kimi . Son dəfə ziyarətinə getmədiyim üçün özümü günahkar hiss edirdim , sanki getsəydim sağalacaqdı . Bir neçə gün daha xəyalımda onu xatırladım. Amma sonra o da unudularaq yerini başqa xəstələrə buraxdı.
Pəri xala ilə artıq biraz daha səmimi olmuşduq . Otaq da dəyişmişdi. Artıq hərkəsin qaldığı standart otaqlardan biri idi . Xüsusi şüşəli qapı yox idi, önlük də geyinmirdik . Sadəcə maska taxırdıq . Amma xəstəmiz hər keçən gün daha da pisləşirdi . Daha az danışırdı. Tez yorulurdu. Pəri xala danışdı ki, burnundan qan açılıbmış. Trombosit çatışmazlığı var. Sabah bir neçə adam tapıb gətirdim qan verdi. Xeyli uzun çəkən qan vermə prosesində məni də qan verən yoldaşımı da yuxu tutmuşdu. Baxmayaraq ki xəstəmizin vəziyyəti pisləşir Pəri xalanın davranışlarında heç bir şey dəyişmirdi. Gülər üzündən şən ehvalından əl çəkmirdi. Amma artıq narahat olduğunu çox gizlədə bilmirdi . Elə tez-tez xəstəliyin tam nə olduğunu başa düşməyiblər deyib özünü ümidləndirirdi.
Ziyarətə gəldiyimiz üçüncü gündə eşitdik ki, başqa bir Azərbaycanlı xəstə daha var. Bu xəstə də mənə çox təsir elədi . 91ci il təvəllüdlü idi. Əsgərlikdə ikən xəstə olduğu ortaya çıxmışdı. Ona görə də mali cəhətdən bəxti gətirmişdi ,  əgər belə demək düzgündürsə . Xəstəlik ayağının ağrımasıyla özünü göstərmişdi . Ayağı təxminən bir ildir ara-sıra ağrımasına baxmayaraq həkimə müraciət etməmişdi . Otaqda 6 xəstə yatırdı. Hamısı əsgər idi. Bizim xəstənin düz yanında saçları tökülmüş arıqlamış biri yatırdı. Elə gülərüz üzümə baxırdı. Ona baxanda gülmək tuturdu məni, elə özü də gülürdü .  Əsgərlərin içərisində ən şən o idi . Onunla üzbəüz yataqdaki isə danışmırdı. Görünürdü ki çox narahatdır və ölmək istəmir . Bizim gülərüz xəstəmiz isə bir iki həftəyə çıxıb gedəcəyindən , ev yeməkləri üçün darıxdığından danışırdı. O otağa girərkən mənim içim də enerji ile dolurdu . İçərdəkilərlə çox tez səmimi olmuşdum. Zarafatlaşmağa, bir-bir hər biri ilə söhbət edib maraqlanmağa çalışırdım . İçlərindən biri mavi  gözlü yaraşıqlı bir oğlan idi. O da əsgər idi. Ama içərdəki digər əsgərlərdən fərqli olaraq o Türkiyənin qərb bölgəsindən idi. Əsgərlikdə testislərində xərçəng olduğu üzə çıxmışdı. Əməliyyat olmuşdu və sağaldığını demişdlər. 3 ay sonra xərçəng yenə aktivləşmişdi. Çox mədəni biri idi. Nə qədər normal danışsa da narahatlığını gizlədə bilmirdi. Dediyi bir söz yadımdadı: “Daha yeni başladım yaşamaya” . Bunu mənə sağalacağına inandığını göstərmək üçün şən  tərzdə demişdi. Amma gözləri aldada bilməmişdi.
Bizim xəstəmiz isə sakit təbiətli idi. Beyləqanlı idi. Atası diş həkimi idi. Yaşının məndən az olduğunu düşünəndə dəhşətə gəlirdim . Mən həyatda əlimdə olan şeylərdən şikayət edib daha  çoxunu istəyərkən ,o həyatı üçün mübarizə aparırdı. Sakit danışıq üslubuyla etdiyi zarafatlara bəzən dəqiqələrlə gülürdüm . İçərdəykən kefim heç pozulmurdu . Danışdıqca yaşayacağına inamım artırdı. Həkimlər isə heç bir klinikada görmədiyim nəzakəti  ve qayğıyı göstərirdilər burda.
Atası ilə tez-tez görüşürdük. Ürəyinin dərdini boşaltmağa çalışırdı, danışarkən qızıl dişləri görünürdü. Rafiq dayı oğlunun  buralarda müalicə almasından təəssüflənirdi  “Niyə bizdə belə müalicə şəraiti yoxdur ? Bu insanlar nəyə görə gəlib Türkiyədə yaxınlarından uzaqda , öz yeməklərimizə həsrət qəribdə  müalicə alırdılar? “. Sonra isə hərşeyin vaxtla düzələcəyinə inamını bildirib bu mövzunu bağlayırdı.
Danışdığı  2 şey heç vaxt yadımdan çıxmır. Biri qızıl dişi ilə bağlı idi ... Birgün yemək yemək üçün xəstəxananın yaxınlığındaki urfa kababcısına getdik . Ayağına geyindiyi “uzun burun” ayaqqabını nəzərə almasaq idman üslubunda geyindiyini demək olardı. Üşüməmək üçün də dəri gödəkcəsini əyninə geyinmişdi.. Havalar soyuqlaşmağa başlamışdı . Oturduq başladıq yemək yeməyə . Neçə vaxtdır danışarkən fikir verirdim sanki dişlərini gizlədir. Düşünürdüm bəlkə də danışıq tərzi budur . Ama məlum oldu ki məsələ tamamilə başqa cür imiş. Kişi diş həkimi idi. Və Türkiyəyə gəldikdən 1 gün sonra yemək yeyərken bir qızıl dişi düşmüşdü . Və bir diş həkimi olaraq bu vəziyyətindən utanırdı.  “Dişimi görərlər deyərlər ki buna bax diş həkimidi heç öz dişini düzəldə bilmir . Mən cəhənnəm Azərbaycan biyabır olacaq “ . Azərbaycanlı diş həkimi ilk dəfə gəldiyi bu ölkədə tanımadığı insanların ona gülməsindən qorxurdu . Oğlunun dərdi bəs deyilmiş kimi bir də xərçəng poliklinikasında ölkəsini təmsil edirdi .
Digəri isə həyatdan gileylənməsi idi . İlk dəfə onda gözləri dolmuşdu . Soyuq havada çıxıb söhbət edirdik .Kişi də siqarət çəkirdi . Artıq dişini gizlətmədiyi vaxtlar idi . “ Həyatım boyu hərkəsə yaxşılıq etməyə çalışdım . Bir çox hallarda imkanı olmayan xəstələrimdən pul almırdım . Hətta elə olub ki taksiyə oturdub özüm yola salırdım . Pulunu da özüm verirdim . Allah haqqı belə olmuşam mən . Axı mən neynədim Allah mənə bu günləri göstərdi . Tek oğlumdu . Neçə gündü həkimlərdən soruşuram ağ ciyərdəki ləkə haqda . Ama hələ heçnə demirlər . Bəlkə  də xərçəng ağciyərə keçməyib başqa ləkədi bəlkə . Ola bilər hələ görək nə deyəcəklər , sağalacaq oğlum sağalacaq bilirem “. Cavan oğlanla söhbətimizin birində “ Heyif oxumadım . Qıza qoşuldum sonra gördüm eh vallah səhv eləmişəm . İndi sağalım söz vermişəm gedib texnikom oxuyacam . Bəlkə universitetə də hazırlaşdım . Görək də . Vallah burda uzanmaq problem deyil ancaq yeməklerini yeyə bilmirəm bunların . Kabab üçün darıxmışam . Bunların kababı yeyiləsi deyil.”
İki üç gündən bir xəstələri ziyarət edirdim . Onkologiya şöbəsinin yanından keçərkən də bəzən 5 10 dəqiqəlik baş çəkirdim  qalan iki xəstəmizə  . Cavan oğlan eyni görünürdü amma atası gündən günə daha da pis görünməyə başlamışdı . Mən ziyarəti qurtarıb gedərkən Rafiq dayı məni yola salmaq üçün həm də bir siqaret çəkmək üçün mənimlə aşağı düşürdü . Ele o qısa bir iki dəqiqəlik müddətdə danışdıqlarından gündən günə niyə bu qədər çökdüyünü daha yaxsı anlayırdım:  “ Burda qaldıqca daha da pisləşəcək oğlum . Hər gün ağlaşma . Gündə biri ölür . İnsanı stresə salır təmiz .Dünən yenə biri öldü .Qoca kişi idi .Nə ağlıyırsız axı . Hirsimdən dəliyə döndüm . Mən də o dəqiqə qapını bağladım ki oğlum yuxudan oyanıb səsi eşitməsin.”
Xala isə gülərüz idi hələ  . Sırayla oğulları da gəlmişdi . İlk gördüyüm oğlu ağır tebiətli idi .  Atasının xəstə olması ölə biləcəyi haqda düşünürdü . Narahat idi və atasının qayğısına qalırdı. Amma digər oğlu məni təəcübləndirmişdi . Tez-tez burda gözləməkdən sıxıldığını şəhərə gedib gəzmək istədiyini təkrarlayırdı . Atası da dəstəkləyirdi . Saniyəlik bir hadisə Pəri xalayla məni göz-gözə gətirmişdi. Atasının başqa tərəfə baxdığı anda ona dönüb iki söz demişdi “haram olsun” və o anda mən də onunla göz-gözə gəlmişdim və heçnə olmuyubmuş kimi davranmışdım . Bir ailənin dramına şahid olduğumu düşünürdüm.
Cavan oğlanın müalicəsinə , qəbul etdiyi ağır şüalardan sonra 20 gün ara verilirdi . Baxmayaraq ki, həkimlər burada qalmasını məsləhət görürdülər ama ata-oğul ikisi də  Azərbaycana gedib qurban bayramını vətəndə keçirtmək istəyirdilər . Diş həkimi son vaxtlar xəyalpərəsət şeylərdən danışırdı “Bir rus həkimi var . Nə isə dərman hazırlayıbmış bizim rayonda bir xərçəng xəstəsini sağaldıbmış . Elə mən də ona aparacam” . Onlar getməmişdən əvvəl sağollaşdıq . Hem Azərbaycan həm Türkiyə nömrələrimi götürdü ki zəng edəcək. 20 gün sonra  geri gəlməli idilər . Amma bir daha gəlmədilər . Nə də zəng etdilər . Mən isə bu haqda düşünmədim .Üreyim də pis olmadı . Öldüyünə inanmaq istəmirdim . O rus həkimi sehirli dərmanından hazırlamışdı və onu sağaltmışdı . Burdaki həkimlər ən azı sol ayağnın kəsiləcəyini(amputasiya ediləcəyini) demişdilər . Amma bəlkə o sehirbaz rus həkimi buna da imkan vermədi . Və o hələ də yaşayır . Texnikomda oxuyur yeni sevgilisi var.Yenə gülür. Dayımız isə öz dişini yerinə taxıb və öz işinə dəvam edir . Yenə xəstələrinə qayğı ilə yaxınlaşır və imkanı olmayan xəstələrinə güzəştə gedir . Artıq Allaha da daha çox inanır . Sevinirəm ki nə baş verdiyini bilmirəm . 
Onlar getdikdən sonra onun otağına getmişdim . Gülərüz keçəl oğlan yox idi , onunla üzbəüz yatan küskün əsgər  ve mavi gözlü oğlan da yox idi . Otaqda bircə nəfər var idi onu isə tanımırdım . Yanına qoca atası əyləşmişdi . Allahdan şəfa diləyib otaqdan çıxdım . Sanki onlar bu otaqda heç yatmayıbmış kimi öldükdən sonra yerlərini başqa xəstələr doldururdu. Bunda təəccüblü heçnə yox idi . Sanki bu olanlar həyatın bir xəstəxana otağında kiçildilmiş forması idi . Daimi döngü və tarixin təkəbbürü . Gedənlər sadəcə yerlərini gələnlərə buraxırdılar . Təbiət özünü yeniləyirdi. Otaq isə yeni xəstələrlə dolurdu.
Poliknikada bir xəstəmiz qalmışdı . Xala artıq tək idi . Oğulları Azərbaycana qayıtmışdılar . Xala çox şikayyət edirdi . Onlar da qurban bayramında Azərbaycana getmişdilər . Və xəstəmizin orda araq içib kabab yediyindən şikayətlənirdi . Bunun ona çox təsir etdiyini əgər o yeməkləri yeməsə idi bu vəziyyətə düşməyəcəyini deyirdi. Sadəcə şikayət edəcək nə isə axtarırdı . Həkimləri pisləyirdi .Sonra otağın havasızlığından ,yeməklərin dadsızlığından danışırdı .Mən isə oturub bəlkə də bir saat darıxmadan dinləyirdim . Ara bir çəkinmədən artıq insanlarla ünsiyyət  qurma qabiliyyətini itirmiş olan xəstəmizə baxırdım . İllərin həkimi ,atası artıq insanlarla ünsiyyət qura bilmirdi . Danışmırdı , anlaşılmaz sözlər işlədirdi . İnildəyirdi . Bu dəfə otaqdan çıxanda artıq yaşama ümidinin olmadığına əmin idim.
Və bir gün gəldikdə otaqda Pəri xalanı tapa bilmədim . Yerində başqa bir kişi oturmuşdu . Amma qəribəsi  o idi ki, xəstə burada idi . Mən həmişə daha tez saatlarda geldiyimdən axşamları xəstələrin yanında baxıcı qaldığını bilmirmişəm . Bir anlıq rahatladım ki hələ hərşey bitməyib. Baxıcıdan xəstənin vəziyyətini soruşdum “Bugün sabah öləcək . Artıq həkimlər əlini üzüblər “ dedi . Xəstəxanaya gələrkən qarınlı, canlı kişinin artıq sümükləri görünürdü .Sonra baxıcı mənə sabah Azərbaycana aparılacağını dedi xəstənin . Bunu gördükdə artıq son dəfə Pəri xalaya zəng etməyə qərar verdim . Səsində ilk dəfə kədəri eşitdim , hətta telefonda ağlayaraq “Görürsənmi oğul nə günə düşüb “ dedi , mən isə “Bəli xala görürəm” dedim . Başqa nə deyəcəkdim ki . “Sabah Bakıya gedək son dəfə qızlarım da görsün atalarını” dedi . “Allah köməyiniz olsun . Yolunuz açıq olsun “ deyib   hərşey üçün təşəkkür etdikdən sonra sağollaşdıq . Son dəfə otağa girib baxıcıya təşəkkür  etdim . Bəlkə də son gününü yaşayan xəstəyə baxdım . Heç bilmədim nə hiss edim . Nə geridə 7 yaşlı uşaq buraxmışdı ,nə də yüklü miqdarda borc . Həyatda görəcəyi qədər görmüşdü . Gözlərində həyatı tapdığım o qadından , keçəl ərzicanlı kürd əsgərdən,göy göz izmirlidən , qızıl dişiylə azərbaycanı təmsil edən atadan sonra , bu qoca kişiyə sadəcə baxdım . Artıq ölümü daha soyuq qarşılamağı öyrənməyə başlayırdım. Nə qədər istəsəm də içimdə kədər yox idi, gözlərim dolmamışdı. Gündəlik olaraq işdən qayıdırmışam kimi hiss edirdim... Üreyimdə sağollaşdım. Ağ xalatımın açmış olduğum düyməsini də ilikləyib otaqdan çıxdım.
Tibb bacılarına “Xeyirli işlər” diləyib,liftə tərəf addımladım ve liftin gəlməsini gözlədim.Qapı açılanda xərəkdə uzanmış,olduqca qoca görünən bir xəstə və onu daşıyan tibb bacısına yol verdim. Deyəsən otaqlardan biri də boşalmışdı deyə düşündüm. Anlaşılmaz bir gülümsəmə oldu üzümdə. Birinci mərtəbəyə enib 20-25 metrlik koridoru ağır-ağır yeriyərək keçib bayıra çıxdım. 
Onkologiya binasının  önündə ağlayan bir qız var idi , əlində də siqaret. Görəsən hansı yaxını xəstə idi , kimin üçün ağlayırdı. Qıza tam baxmağa çəkindim, göz ucuyla süzüb yanından keçərək , pilləkənlərı endim. Ne düşünəcəyimi  bilmədən yeriməyə davam etdim.Onsuzda düşünüləsi nə var idi ki. Hər gün ölən insanlar , yerlərinə yeni gələn xəstələr və onlar üçün ağlayanlar. Onkologiya binası biraz arxada qalmağa başlamışdı ki dönüb geriyə baxdım . Çox sevdiyim o heykəl yenə orda dururdu :Xərçəngi öldürən adam . Bu heykəl xəstələrin gözlərindəki ümidin rəmzi idi. Ümidin ən çox lazım olduğu vaxtda xərçəngi öldürən adam həmişə orda çox güclü və  inamlı görünürdü.

Zibil Qutusu

Bakının küçələri gecələr qaranlığı, gündüzləri isə sadəcə saxta günəşin batmağını, qaranlığın gəlməsini gözləyir...Bakının küçələri qaranlığı sevir, mən isə Bakının qaranlığını...

Gündüzlər gördüyüm eybəcərlik, saxtakarlıqlar qaranlıqda yox olur. Gecələr şəhər olduğu kimidir- boş, menasız, səssiz...

Əslində gündüzlər də elədir, amma saxta gülüş səsləri, şəhərin mənasız divarlarına heyranlıqla baxan insanlar da gecələr qaranlığa bürünür.

Gecə saflıqdır, gizlinllərin ortaya çıxdığı vaxtdır. Gecələr- gizli hisslərin cəsarətlə küçələrdə addımladığı saatlar.. Və gündüz tapa bilmədikləri gözəlliyi qaranlıqda axtaran insanlar...

Bakının gündüzlərində, hərdən də gecələrində ən çox eşidilən səs maşın siqnalları, sürücü dava dalaşlarıdır... Şəhər deyinən, qışqıran, neqativ enerjili, qaş-qabaqlı insanlarla doludur.

Nadir hallarda gülürlər, hətta şaqqanaq çəkirlər, amma elə bil, onları buna kimsə məcbur edir, sanki yanaqlarından tutub dartır kimsə. Çox qısa olan riyakar gülüşlərin çoxu sadəcə yanaqların hərəkətindən ibarətdir...

Siqaret tüstüsünü içinə çəkdiyin anın xoşbəxliyi qədər saxtadır Bakının gülüşü... Sadəcə vərdişdir-pis vərdiş.

Əslində isə, şəhər ağlamaq istəyir, lap yüksək səslə hönkürüb eybəcər səsləri, saxta, boğazdan yuxarı qəhqəhələri susdurmaq istəyir... Amma bacarmır, çünki şəhərimin ağlamalı halını da gülməli ediblər...

Əsl Bakı ve insanlari bəzənmiş binaların görünməyən terefi kimidir. Heç kim o biinaların görünməyən tərəfini görmek istəməz. Və eynəklərini taxıb keçərlər...

Necə də gözəldir şəhərimiz... Necə də gözəldir insanları...Rəngli eynəklərinin arxasindan qarşılıqlı sevirlər bir birilərini...

Eynəyini unutmuş olanlar, ya da eynəyi heç sevməyənlər isə gözlərinin gördüyü reallıqla barışmağa məcbur qalırlar...

Bu şəhərə eynəksiz baxdıqdan sonra əlindəki siqareti söndürmədən yerə atıb, qarşıdan gələn xanıma əhəmiyyət vermədən yerə tüpürürlər...Heç peşman da deyillər...

Sonra bir neçə addımlıqdakı zibil qabıya kinayə ilə baxıb gülümsəyirlər...

Zibilliklerin icine batmis şəhərdə zibil qutusuna nə ehtiyac var ki?

Zibil qutusu isə, reallığı öz gözləriylə görənlərin baxışlarına tuş gələr...

Tək basina şəhəri təmizləməyə çalışan zibil qutusu da mübarizəsinin mənasizlgni dərk edər.
Ümidsizcə o da yerə tüpürər...